Yuxularda yaşadığımız "hisslər dünyası"

  • İnsan xarici dünya olmadan da hissləri bütün canlılığı ilə yaşaya bilər və buna verilə biləcək ən bariz nümunə, daha əvvəl də bəhs etdiyimiz kimi, yuxulardır. Bir insan yuxu əsnasında gözləri bağlı yatağında yatır. Ancaq buna baxmayaraq, həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, xəbərdarlıqların hamısını yuxularında, həqiqətlərdən ayırd edilə bilməyəcək qədər həqiqi hesab edir. Bu həqiqətə bu kitabı oxuyan insanların hamısı şəxsən öz yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit bir mühitdə tək yatan bir insan yuxusunda özünü izdihamlı bir məkanda, bir təhlükədə görə bilər. Bu təhlükədən qaçdığını, bir divarın arxasında gizləndiyini həyatdakı kimi yaşaya bilər. Hətta yuxusunda gördükləri o qədər həqiqidir ki, qorxu və çaxnaşma duyğusunu həqiqətən hiss edər. Hər səs-küydə ürəyi ağzına gələr, qorxudan titrəyər, ürəyi sürətlə vurar, tərləyər, insan bədəni təhlükə anlarında nələri hiss edirsə, fiziki olaraq nə reaksiyalar verirsə hamısını eynilə yaşayar.

    Yuxusunda yüksək bir yerdən yıxılan insan da bunu bütün bədəni ilə hiss edər. Halbuki o anda yatağında heç tərpənmədən yatır. Ya da, yuxusunda ayağı büdrəyib su çuxurunun içinə düşdüyünü görən bir insan bütün paltarlarının islandığını, sonra da külək əsdiyinə görə üşüdüyünü hiss edə bilər. Ancaq yatdığı yerdə nə bir su çuxuru, nə də külək var. Hətta çox isti bir otaqda yatmasına baxmayaraq, yaş olmasını və üşüməsini eynilə oyanıqkən olduğu kimi hiss edər.

    Və ya yuxusunda maddənin əsli ilə əlaqədə olduğunu iddia edən bir adam özündən son dərəcə əmin ola bilər. Özünə "xarici dünyanın əsli ilə əlaqədə olmağın mümkün olmadığını" izah edən yoldaşının çiyninə əlini qoyaraq "İndi sən əlimi çiynində hiss etmirsənmi? O zaman necə maddənin həqiqiliyini görmədiyini söyləyə bilərsən? Haradan çıxarırsan bu iddiaları? Gəl səninlə bir az gəzək, həm bu mövzunu danışarıq, bir də belə bir mövzuya niyə inanırsan mənə izah edərsən" deyə bilər. Dərinləşən yuxusunda gördüyü bu yuxu o qədər dəqiqdir ki, keflə avtomobilin qapısını açıb mühərrikə yavaş-yavaş qaz verər və sonra birdən pedala basıb avtomobili yerindən sıçradar. Yolda sürətlə gedərkən ağaclar və yol xəttləri sürətdən sanki blok bir görüntü meydana gətirər. Bir tərəfdən də təmiz hava alar. Yoldaşına etiraz etməyə başladığı anda, maddənin əslini gördüyünü izah etməyə hazırlaşarkən saatının zənginə oyanar. Ancaq  maraqlıdır ki, yuxusunda maddənin əsli ilə əlaqədə olmadığımıza etiraz edən bu insan oyanıqkən də gördüklərinin zehnində yaranan kopiya görüntülər olduğunu izah edən bir yoldaşı yanında olsa, ona da eyni şəkildə etiraz edəcək.

    İnsanlar yuxudan oyandıqlarında o ana qədər gördüklərinin xəyal olduğunu anlayarlar, amma "oyanma" görüntüsü başlayan zaman "əsl həyat" dedikləri həyatın quruluşundan nədənsə heç şübhələnməzlər. Halbuki, "əsl həyat" dediyimiz görüntüləri hiss etməyimiz, yuxularımızı hiss etməyimizlə tamamilə eynidir. Hər ikisini də zehnimizdə görürük. Yuxudan oyandırılmadığımız müddətdə onların bir xəyal olduğunu əsla anlamırıq. Ancaq oyandığımız zaman "deməli gördüklərim bir yuxu imiş" deyirik. Elə isə bu anda gördüklərimizin bir yuxu olmadığını necə isbat edə bilərik? Yalnız hələ oyandırılmadığımız üçün içində olduğumuz anı həqiqi zənn edirik. Hər gecə gördüyümüz yuxulardan daha uzun sürən bu yuxudan bir gün oyandırıldığımızda bu həqiqətlə qarşılaşacağıq. Bunun əksini söyləyərək isbat edə biləcəyimiz heç bir dəlilimiz yoxdur.

    Dünya həyatının bir yuxu kimi olduğu, bu yuxudan "böyük bir oyanış" ilə oyananda  insanların yuxu kimi bir aləmdə yaşadıqlarını anlayacaqları İslam alimləri tərəfindən də dilə gətirilən bir həqiqətdir. Üstün elmi sayəsində Şeyx Əkbər (Ən Böyük Şeyx) olaraq tanınan böyük İslam alimi Muhyiddin Ərəbi Peyğəmbərimizin (s.ə.v.) bir hədisini dünya həyatını yuxularımıza belə bənzətmişdir:

    Həzrəti Məhəmməd Əleyhissalam "insanlar yuxudadır, öldükləri vaxt oyanarlar" buyurmuşdur. Deməli, dünya həyatında gördüyü şeylər yatan insanın yuxusunda gördüyü şeylər kimidir...

    Bir ayədə isə Allah insanların qiyamət günündə yenidən dirildiləcəkləri zaman belə deyəcəklərini bildirmişdir:

    Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu,rhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”.. (Yasin surəsi, 52)

    Ayədən də göründüyü kimi, insanlar qiyamət günü yuxudan oyanan kimi oyanacaqlar. Bir insan yuxuya getdiyi və yuxu gördüyü zaman birdən oyandırıldığında onu kimin oyandırdığını soruşduğu kimi, bu insanlar da eyni şəkildə onları kimin oyandırdığını soruşacaqlar. Allahın bu ayədə bildirdiyi kimi, dünya həyatı gördüyümüz bir yuxu kimidir və hər insan bu yuxudan oyandırılacaq və əsl həyatı olan axirət həyatına dair görüntüləri görməyə başlayacaq.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.