Allahın sonsuz yaddaşı və insanın məhdud yaddaşı

  • Saytın zamansızlıq hissəsində bütün məlumatların yaddaşımızda saxlandığından bəhs etmişdik. İnsanın sahib olduğu hər cür məlumatın, yaşadığı hər hadisənin, qarşılaşdığı hər şeyin, həyatı boyunca gördüyü, eşitdiyi, bildiyi, hiss etdiyi hər şeyin yaddaşda yığıldığını, zamana aid hisslərin də eynilə yaddaşdakı bir məlumat olduğunu söyləmişdik. İndi də yaddaş anlayışını bir az dərindən araşdıraq.

    Sayt boyunca izah etdiyimiz kimi, biz 5 duyğu orqanımız vasitəsilə hiss edir və yaşayırıq. Beş duyğunun icazə verdiyi şeyləri qəbul edir, bunun xaricinə heç bir zaman çıxa bilmirik. Yaşadığımız zamanı və məkanı da belə hiss edirik. Beynimiz 5 duyğu ilə bir varlığı təsbit edə bilmirsə, o varlıq üçün "yox oldu" deyirik. Buna bağlı olaraq yaddaşımız hansı hadisəni, ya da görüntünü mühafizə etsə, o bizim üçün vardır, yəni diridir, nəyi unutsa, artıq o bizim üçün yoxdur. Başqa sözlə desək, yaddaşımızda olmayan varlıqlar və hadisələr bizim üçün ölmüşdür, keçmişdir, yox olmuşdur.

    Lakin bu, yalnız insanlara aiddir, çünki yalnız insanların yaddaşı məhduddur. Allahın yaddaşı isə sərhədsiz və sonsuzdur. Ancaq bunu da qeyd etmək lazımdır ki, "Allahın yaddaşı" anlayışının istifadə edilməsi yalnız mövzunu açıqlayamaq məqsədi daşıyır, yoxsa iki yaddaş arasında hər hansı bir müqayisə, ya da bənzətmə edilməsi əsla mümkün deyil. Allah hər şeyi yoxdan var edən və hər şeyi incəliyinə qədər biləndir.

    Allah Quranda Özünü bəzi sifətləri ilə tanıtmışdır. Bunlardan biri də Hafiz, yəni "görülən bütün işləri incəliyinə qədər saxlayan, qoruyan, mühafizə edən" sifətidir və bu sözün ardında çox əhəmiyyətli sirlər gizlidir.

    "Lövhi-Məhfuz"
    Allah Qatında hər şey bir anda olub-bitmişdir. Dünya var olduğundan bəri reallaşan hadisələr də bu bir ana sığır və bu ana dair bütün məlumatlar Allah Qatında bir "Kitab"da saxlanılır. Quranda Lövhi-Məhfuz olaraq adlandırılan "Ana Kitab"da hər şeyin məlumatının olduğu ifadə edilir:

    Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur.  (Zuxruf surəsi, 4)

    ... Kitabın anası da Onun yanındadır. (Rəd surəsi, 39)

    ... Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

    Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75 )

    (Hər kəsin )kitabı( qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış )olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)

    Allah başqa ayələrində də dünyada insanların yaşadıqları bütün hadisələrin, bütün düşüncələrinin, başlarına gələn hər şeyin bu kitabda olduğunu belə xəbər verir:

    Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)

    Kainat yaradıldığından bəri var olan canlı-cansız hər şeyi, reallaşan hər hadisəni Allah yaradır və dolayısı ilə Onun məlumatı daxilindədir, yəni bütün bunlar "Allahın yaddaşı"ndadır. Lövhi-Məhfuz da Allahın Hafiz sifətinin təcəllisidir.

    Bu vəziyyətdə qarşımıza çox əhəmiyyətli bir həqiqət çıxır: Allahın yaddaşı sonsuzdur, o halda onda var olan heç bir şey yox olmaz. Allahın yaratdığı heç bir canlı ölüb-itməz, heç bir çiçək solub yox olmaz, heç bir müddət keçməz, heç bir yemək-içmək tükənməz... Allah hər an yaradır və hər şey əzəldə yaradılmış və "sonsuzluğa məhkum edilmişdir".

    "Sonsuzluğa məhkum edilmək" nə deməkdir?
    Bunu belə açıqlaya bilərik: Hər varlığın və hadisənin yaradıldığı anda əslində onun üçün sonsuzluq da başlamışdır. Məsələn, bir çiçək yaradıldığında əslində bir daha yox olmamaq üçün yaradılmışdır. Bu varlığın, ya da obyektin insanın görüntüsündən çıxması, insanın yaddaşından silinməsi onun yox olması, ölməsi mənasını verməz. Əhəmiyyətli olan Allahın yaddaşındakı, Allahın Qatındakı halıdır. Allahın yaddaşında bu canlının yaranması da, həyatı boyunca keçirdiyi anlar da, ölümü də mövcuddur.

    Allah varlıq verdiyi hər şeyi sonsuz olaraq yaratmışdır. Var olan şeylər üçün artıq sonsuz həyat başlamışdır. Lakin bunu yaxşı anlaya bilmək üçün bir-bir varlıqlar və hadisələr üzərində düşünməkdə fayda vardır. Ancaq bu nümunələrə keçməmişdən əvvəl bir mövzuya bir daha toxunmaq lazımdır: Burada izah edilənlər, şübhəsiz bir insanın həyatında qarşılaşa biləcəyi ən böyük elmlərdən biridir. Sonsuzluq anlayışı ilə əlaqədar bu həqiqətləri bir çox insan ilk dəfə eşidə, ilk dəfə düşünə bilər. Əhəmiyyətli olan budur: Allah Quranda yalnız "qəlbən Allaha yönələn"lərin öyüd ala biləcəyinə diqqət çəkir. Yəni səmimi qəlblə Allahdan kömək diləyən, Onun sonsuz qüdrətini təqdir etməyə çalışan, Rəbbimizin böyüklüyünü qavramaq üçün səy göstərən insanlar burada izah edilənlərdən öyüd alacaq və bu həqiqətləri qavramağa başlayacaqlar.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.