Bütün hadisələr "Bu an"da reallaşır!

  • Allah Qatında hər hadisənin bir anda meydana gəlməyini belə bir misalla da açıqlaya bilərik: Qarşınızda böyük bir şəhərin xəritəsinin olduğunu düşünün. Xəritədə şəhərin prospektləri, küçələri, bu küçələrdə irəliləyən nəqliyyat vasitələri, sağa-sola düzülmüş binalar və insanlar çəkilmiş olsun. Bu xəritədə şəhərin bir yerindən başqa yerinə çatmağa çalışan bir adamın görüntüsünün də çəkildiyini fərz edin. İndi bu adam üçün şəhərin bir yerindən digərinə qədər olan məsafə müəyyən bir uzaqlıqdadır və bu uzaqlığı dəf etməsi üçün də müəyyən bir zaman lazımdır. Adam ancaq bilmədiyi zaman sonunda istədiyi yerə çatmış olacaq. Eyni anda iki yerdə birdən olması mümkün deyil. Amma bu vəziyyət xəritəyə kənardan baxan bir adama aid deyil. Siz xəritəyə baxdığınızda şəhərin bir yerindən digərinə qədər olan hər şeyi bir anda görə bilərsiniz, üstəlik bunun üçün bir zamana da ehtiyacınız yoxdur.

    Məhz bu nümunədə izah edilən vəziyyət müəyyən bir ölçüdə yaşayan insanlara aiddir. Bizim üçün bir yerdən başqa bir yerə çatmaq ancaq bir zamanın keçməsi və enerjinin istifadə edilməsi ilə mümkün ola bilər. Amma bütün bu ölçüləri yaradan və bütün əksikliklərdən münəzzəh olan Allah üçün yaratdığı kainat və onun dünyadakı bütün hadisələr bir anda reallaşır.

    İkinci əhəmiyyətli həqiqət isə bütün bu hadisələrin bir-biri ilə eyni anda reallaşmasıdır. Çünki daha əvvəl də ifadə edildigi kimi, Allah Qatında zaman yoxdur, hər şey bir anda olub bitmişdir.

    Hz. Adəm (ə.s) peyğəmbər əslində bu an palçıqdan yaradılır, bu an mələklər Hz. Adəmə (ə.s) səcdə edir, bu an Hz. Adəm (ə.s) cənnətdən çıxarılır və dünyaya göndərilir. Üstəlik haqqında danışılan "an", bu saniyə, yəni sizin bu sətirləri oxuduğunuz andır.

    İndi bu mövzunu daha da gücləndirmək üçün bir başqa nümunə verək: Hz. Musanı (ə.s) düşünək. Anasının hələ körpə ikən Hz. Musanı (ə.s) sandığın içinə qoyub suya buraxdığı an hələ də mövcuddur, o halı itməmişdir və sonsuza qədər də dayanacaq. Allah Qatında Hz. Musanın (ə.s) Firona getdiyi və təbliğ etdiyi an mövcuddur və əslində bu an Hz. Musa (ə.s) Fironun qarşısındadır, amma eyni zamanda bu an Hz. Musa (ə.s) Müqəddəs Tuva vadisində Allahdan vəhy almaqdadır və yenə bu an Hz. Musa (ə.s) yanındakı İsrailoğulları ilə birlikdə Fironun adamlarından uzaqlaşmaqdadır, bu an Hz. Musa peyğəmbər (ə.s) əsası ilə dənizə vurmaqda və dənizi yarmaqdadır və sonsuza qədər də dənizin yarılması Allahın yaddaşında mövcud olaraq qalacaq.

    Hz. Məryəmin Hz. İsaya (ə.s) hamilə qalması, xurma ağacının altında doğması, qövmünə dönməsi və Hz. İsanın (ə.s) hələ beşikdə ikən qövmün insanları ilə danışması, sonra Hz. İsanın (ə.s) həvarilərinə "Allah Qatında mənim köməkçilərim kimlərdir?" deyə soruşması və Hz. İsanın (ə.s) Allah Qatına yüksəldilməsi də bu an reallaşmaqdadır. Üstəlik yalnız keçmişə dair bizə bildirilən hadisələr deyil, keçmişlə əlaqədar bizə bildirilməyən və gələcəkdə olacağı üçün hələ bilmədiyimiz hadisələr də əslində bu andadır. Hz. İsanın (ə.s) həyatı boyunca keçirdiyi hər saniyə, həvarilərinə Allahın dinini təbliğ etməsi, Allahın təsbit etdiyi bir müddətdə yer üzünə yenidən göndərilməsi, insanlara Quranı təbliğ etməsi və hətta bu təbliği əsnasında dediyi hər söz, daha sonra ölümü və hesab günü dirildilməsi, cənnətin girişində mələklər tərəfindən "Salam" sözləri ilə qarşılanması da əslində bu anda meydana gəlir.

    Eyni şeylər bundan 3000 il əvvəl yaşayan bir insan üçün də etibarlıdır. E.ə. 3000-ci illərdə günorta vaxtı bir ağacın altında oturub mənzərəni seyr edən adamın əlinə kiçik bir böcəyin qonması, adamın o böcəyə baxaraq Allahı təsbih etməsi, daha sonra böcəyin uçaraq yuvasına doğru getməsi, böcəyin yumurtadan çıxmasından ölümünə qədər olan bütün halları Allah Qatında hifz edilmişdir və dolayısı ilə hamısı bir anda, yəni sizin bu sətirləri oxuduğunuz bu anda reallaşır.

    Bütün bu nümunələrin qarşımıza çıxardığı həqiqət budur: Heç bir an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaq. Televiziyada izlədiyimiz bir film necə film lentinə yazılırsa, müxtəlif kadrlardan meydana gəlirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı mənasını vermirsə, bizim "keçmişdə yaşanmış" və ya "gələcəkdə yaşanacaq" dediyimiz hadisələr üçün də eyni şey etibarlıdır.

    Lakin bunun səhv başa düşülməməsi çox əhəmiyyətlidir. Bu səhnələrin heç biri bir xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə bu an yaşadığınız an kimi canlıdır. Hər şey diri olaraq qorunur. Biz yalnız Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr olaraq görürik. Allah dilədiyi an bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.